"TECHNEST" TƏQAÜD PROQRAMI

Haqqımızda

“Technest” təqaüd proqramı informasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramıdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Belə ki, 2021-2022 tədris ilində 600-dən çox şəxsə, 2022-2023 tədris ilində isə 3000-dən çox şəxsə təqaüd ayrılmışdır. “Technest” təqaüd proqramı mütəxəssislərin hazırlanması məqsədilə İKT sahəsində ölkənin öndə gedən tədris mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ən tələbatlı İT kurslarına müsabiqə yolu ilə tələbə qəbulunu təşkil edir. Müsabiqə bir neçə mərhələdə həyata keçirilir: onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və ən sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələlərdən uğurla keçmiş 13-65 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları təqaüddən yararlana bilər.

3000+ Təqaüd verilib
30+ Tərəfdaş

Technest icması

“Technest” klubun yaranma məqsədi təqaüdçülərdən ibarət cəmiyyətin formalaşdırılmasıdır. Yalnız təqaüd qazanmış və tədrisə başlayan namizədlər kluba üzv olaraq qəbul edilirlər. Klub fəaliyyəti təqaüdçüləri öz aralarında təcrübə və ideya mübadiləsi aparmağa stimullaşdırır. Müxtəlif təlimlər, seminarlar, şirkətlərin səlahiyyətli nümayəndələri ilə görüşlər təşkil edərək klub, təqaüdçülərin hərtərəfli inkişafına töhfə verir. Klub fəaliyyəti çərçivəsində həm də təqaüdçülərin asudə vaxtlarını səmərəli dəyərləndirmək məqsədilə vaxtaşırı piknik, ekskursiyalar, səfərlər və s. aktivlikləri də təşkil edir. Qarşıda duran ən vacib məqsədlərdən biri də odur ki, gələcəkdə klubun iştirakçıları arasından startup komandalar formalaşsın, gənclər birlikdə biznes ideyalarını reallaşdırsınlar.

Ən son xəbərlərimiz və təqaüd proqramları haqqında məlumat almaq üçün qoşulun.

Təhsil tərəfdaşlarımız

Proqramın təhsil tərəfdaşı olmaq üçün müraciət edin.

İKT sahəsində fəaliyyət göstərən tədris mərkəzləri “Technest” təqaüd proqramına tərəfdaş qismində müraciət edə bilərlər. Seçim mərhələsində iştirak üçün onlayn şəkildə müraciət etmək mütləqdir.

Tez-tez verilən suallar

Technest nədir?

“Technest”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə həyata keçirilirən milli təqaüd proqramıdır. “Technest” təqaüd proqramının əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Proqram çərçivəsində indiyədək 5000+ vətəndaşa informasiya və kommunikasiya texnologiyaları üzrə 50+ ixtisas üzrə təlim verilmişdir. Hazırda layihəsi çərçivəsində 30-dan çox təlim mərkəzi ilə əməkdaşlıq edilir.

Proqram ödənişlidir?

“Technest” təqaüd proqramıdır. Seçim mərhələlərini uğurla keçdikdən sonra nəticənizə əsasən təhsil haqqınızın ümumi ödəniş məbləğinin 70%-90%-100% -dək hissəsi “Technest” təqaüd proqramı tərəfindən qarşılanır. Ödənişin yerdə qalan hissəsi isə təqaüdçü tərəfindən ödənilir. Regionlarda isə təqaüd 100% olmaqla qarşılanır.

Seçim prosesi necə təşkil olunur və seçimi kimlər edir?

İlkin mərhələdə, müraciət etdikdən sonra sizin müraciətinizə təhsil tərəfdaşlarımız tərəfindən baxılır. İkinci mərhələdə seçdiyiniz ixtisasa uyğun sizinlə texniki biliklərin yoxlanılması məqsədilə imtahan və son mərhələdə isə yumşaq bacarıqların yoxlanılması üçün müsahibə keçirilir. Bütün mərhələlərdən uğurla keçmiş və təqaüdçü adını qazanmış şəxslərə təhsil tərəfdaşlarımız tərəfindən məlumat göndərilir.

Tədris hansı ixtisaslar üzrə keçirilir?

İxtisaslar əmək bazarının ehtiyaclarına uyğun olaraq müəyyən edilir. 2024-cü il üçün prioritet istiqamətlərimiz aşağıdakılardır: "DevOps" mühəndisliyi, "Frontend" proqramlaşdırma, "Backend" proqramlaşdırma, UX&UI dizaynı, 3D dizayn, Mobil proqramlaşdırma, Şəbəkə inzibatçılığı, Kibertəhlükəsizlik, Məhsul sahibliyi və s.

Aktiv proqramlar olmadıqda, nə etməliyəm?

Qeydiyyat il ərzində iki dalğa olmaqla həyata keçirilir. Sizə uyğun ixtisas üzrə qeydiyyat aktiv olduqda müraciət edərək qeydiyyatdan keçə bilərsiniz.

Tədris kimlər tərəfindən keçirilir?

Tərəfdaşımız olan təhsil müəssisələrinin peşəkar müəllimləri tərəfindən tədris olunur.

Təhsil müddəti nə qədərdir?

Təhsil müddəti seçdiyiniz ixtisas və tədrisin növünə uyğun olaraq dəyişir.

Əgər seçilməsəm, ikinci dəfə müraciət edə bilərəm?

Bəli, müraciət edə bilərsiniz.

Bir tədris kursunda neçə nəfər tələbə olur?

Tələbə sayı müraciət etdiyiniz istiqamətə və tədris mərkəzinə uyğun olaraq dəyişir.

Bölgələrdən müraciət etməyimiz mümkündür?

Bəli, Azərbaycanın istənilən bölgəsindən müraciət edə bilərsiniz. Əlavə olaraq regionlarda keçirilən proqramlara da qoşula bilərsiniz.

Tərəfdaş olmaq üçün necə müraciət edə bilərik?

Tərəfdaş namizəd olaraq qeydiyyatdan, eləcə də seçim mərhələsindən keçərək “Technest” tərəfdaş sırasına qoşula bilərsiniz. Qeydiyyatdan keçmək üçün technest.idda.az saytında “Tərəfdaş ol” hissəsinə keçid edərək qeydiyyatdan keçə bilərsiniz.

“Technest”ə kimlər müraciət edə bilər?

13-65 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları “Technest” təqaüd proqramına müraciət edə bilərlər.

Qeydiyyat müddətində eyni vaxtda neçə proqram üçün müraciət edə bilərəm?

Müraciət edən zaman siz yalnız 2 ixtisas üzrə müraciət edə bilərsiniz.

Mən bir dəfə “Technest” təqaüd proqramından yararlanmışam. Yenidən müraciət edə bilərəm?

Siz yalnız öncəki Technest təhsiliniz üzrə məzun olduğunuz tarixdən 6 ay sonra yenidən təqaüddən yararlana bilərsiniz.

Mən iki tədris mərkəzindən də qəbul almışam. Hər iksində də təhsil ala bilərəm?

Xeyr, siz yalnız bir tədris mərkəzində təhsil ala bilərsiniz. Hər ikisindən qəbul almısınızsa, birindən imtina etməlisiniz.

Növbəti mərhələyə keçib-keçmədiyimiz halda da məlumat veriləcəkmi?

Bəli, sizin müraciətinizin statusu ilə bağlı tədris mərkəzi sizləri mütəmadi olaraq məlumatlandıracaqdır.

Mən hazırda “Technest” çərçivəsində təhsil alıram, onu ləğv edib yeni dalğaya müraciət edə bilərəm?

İstisna hal olmadıqda, cari təhsilin ləğv edilməsi və yeni dalğa üzrə müraciət tövsiyyə olunmur.

“Technest” təqaüd proqramı çərçivəsində onlayn təhsil ala bilərikmi?

Hazırda oflayn tədris ilə yanaşı onlayn tədris təklif edən bir neçə tədris mərkəzi ilə əməkdaşlıq edirik. Müraciət zamanı siz seçiminizi bu istiqamətdə edə bilərsiniz.

Mənim təhsilim İKT sahəsində deyil, amma bu sahəyə marağım var, müraciət edə bilərəm?

Bəli, öncəki təhsiliniz İKT sahəsi üzrə olmasa belə, siz yenədə “Technest” təqaüd proqramına müraciət edə bilərsiniz.