"TECHNEST" TƏQAÜD PROQRAMI

Haqqımızda

“Technest” təqaüd proqramı informasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramıdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Belə ki, 2021-2022 tədris ilində 600-dən çox şəxsə, 2022-2023 tədris ilində isə 3000-dən çox şəxsə təqaüd ayrılmışdır. “Technest” təqaüd proqramı mütəxəssislərin hazırlanması məqsədilə İKT sahəsində ölkənin öndə gedən tədris mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ən tələbatlı İT kurslarına müsabiqə yolu ilə tələbə qəbulunu təşkil edir. Müsabiqə bir neçə mərhələdə həyata keçirilir: onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və ən sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələlərdən uğurla keçmiş 13-65 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları təqaüddən yararlana bilər.

3000+ Təqaüd verilib
30+ Tərəfdaş

Technest icması

“Technest” klubun yaranma məqsədi təqaüdçülərdən ibarət cəmiyyətin formalaşdırılmasıdır. Yalnız təqaüd qazanmış və tədrisə başlayan namizədlər kluba üzv olaraq qəbul edilirlər. Klub fəaliyyəti təqaüdçüləri öz aralarında təcrübə və ideya mübadiləsi aparmağa stimullaşdırır. Müxtəlif təlimlər, seminarlar, şirkətlərin səlahiyyətli nümayəndələri ilə görüşlər təşkil edərək klub, təqaüdçülərin hərtərəfli inkişafına töhfə verir. Klub fəaliyyəti çərçivəsində həm də təqaüdçülərin asudə vaxtlarını səmərəli dəyərləndirmək məqsədilə vaxtaşırı piknik, ekskursiyalar, səfərlər və s. aktivlikləri də təşkil edir. Qarşıda duran ən vacib məqsədlərdən biri də odur ki, gələcəkdə klubun iştirakçıları arasından startup komandalar formalaşsın, gənclər birlikdə biznes ideyalarını reallaşdırsınlar.

Ən son xəbərlərimiz və təqaüd proqramları haqqında məlumat almaq üçün qoşulun.

Təhsil tərəfdaşlarımız

Proqramın təhsil tərəfdaşı olmaq üçün müraciət edin.

İKT sahəsində fəaliyyət göstərən tədris mərkəzləri “Technest” təqaüd proqramına tərəfdaş qismində müraciət edə bilərlər. Seçim mərhələsində iştirak üçün onlayn şəkildə müraciət etmək mütləqdir.

Tez-tez verilən suallar

Technest nədir?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi milli təqaüd proqramıdır.

Proqramın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları (bundan sonra İKT) üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.

 

Proqram çərçivəsində indiyədək 9000+ vətəndaşa İKT sahəsi üzrə 50+ ixtisas üzrə təlim verilmişdir.

Hazırda layihə çərçivəsində 50-dən çox təlim mərkəzi ilə əməkdaşlıq edilir.

Proqram ödənişlidir?

“Technest” təqaüd proqramıdır. Seçim mərhələlərini uğurla keçdikdən sonra nəticənizə əsasən təhsil haqqınızın ümumi ödəniş məbləğinin 70%-90%-100% -dək hissəsi proqram tərəfindən qarşılanır. Ödənişin yerdə qalan hissəsi isə təqaüdçü tərəfindən ödənilir. Regionlarda isə təqaüd 100% olmaqla qarşılanır.

Seçim prosesi necə təşkil olunur və seçimi kimlər edir?

1-ci mərhələ: Onlayn müraciət formasını doldurursunuz və ilkin seçim mərhələsindən keçirsiniz;

2-ci mərhələ: Seçdiyiniz ixtisasa uyğun texniki biliklərin yoxlanılması məqsədilə tədris mərkəzinin təşkil etdiyi imtahanda iştirak edirsiniz;

3-cü mərhələ: Seçdiyiniz təlim proqramına uyğunluğunuz, motivasiyanız və yumşaq bacarıqlarınızın yoxlanılması üçün sizinlə üzbəüz (bəzi hallarda onlayn) müsahibə keçirilir.

 

      Bütün mərhələlərdən uğurla keçmiş təqaüdçülərə təhsil tərəfdaşlarımız tərəfindən məlumat

      göndərilir.

Tədris hansı ixtisaslar üzrə keçirilir?

İxtisaslar əmək bazarının ehtiyaclarına uyğun olaraq müəyyən edilir.

2024-cü il üçün prioritet istiqamətlərimiz aşağıdakılardır:

·       "DevOps" mühəndisliyi

·       "Frontend" proqramlaşdırma

·       "Backend" proqramlaşdırma

·       UX&UI dizaynı

·       Vizual dizayn (3D, Qrafik, UX/UI və s.)

·       Mobil proqramlaşdırma

·       Sistem inzibatçılığı

·       Şəbəkə inzibatçılığı

·       Kibertəhlükəsizlik

·       Məhsul sahibliyi və s.

Proqram aktiv olmadıqda nə etməliyəm?

Qeydiyyat il ərzində iki dalğa olmaqla həyata keçirilir. Proqram aktiv olduqda sizə uyğun ixtisas üzrə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Proqram elan olunduqda sosial media hesablarımızda və KİV-lərdə öncədən məlumat verilir.

Tədris kimlər tərəfindən keçirilir?

Tərəfdaşımız olan təhsil müəssisələrinin peşəkar müəllimləri tərəfindən keçirilir.

Təhsil müddəti nə qədərdir?

Müddət seçdiyiniz ixtisas və tədrisin növünə uyğun olaraq dəyişir.

Seçilməsəm, ikinci dəfə müraciət edə bilərəm?

Bəli.

Bir tədris kursunda neçə nəfər tələbə olur?

Tələbə sayı müraciət etdiyiniz istiqamətə və tədris mərkəzinə uyğun olaraq dəyişir.

Bölgələrdən müraciət etməyimiz mümkündür?

Bəli, Azərbaycanın istənilən bölgəsindən müraciət edə bilərsiniz.

Əlavə olaraq, regionlarda keçirilən proqramlara da qoşula bilərsiniz.

Tərəfdaş olmaq üçün necə müraciət etmək olar?

Tərəfdaş olaraq qeydiyyatdan və seçim mərhələsindən keçərək “Technest” tərəfdaşı ola bilərsiniz.

Qeydiyyatdan keçmək üçün technest.idda.az saytında “Tərəfdaş ol” bölməsinə keçərək qeydiyyatdan keçə bilərsiniz.

“Technest” təqaüd proqramına kimlər müraciət edə bilər?

13-65 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları “Technest” təqaüd proqramına müraciət edə bilərlər.

Qeydiyyat müddətində eyni zamanda neçə ixtisas üzrə müraciət edə bilərəm?

Müraciət zamanı yalnız 2 ixtisas üzrə müraciət edə bilərsiniz.

“Technest” təqaüd proqramında iştirak etdikdən sonra yenidən müraciət edə bilərəm?

Öncəki “Technest” təhsiliniz üzrə məzun olduğunuz tarixdən 1 il sonra yenidən müraciət edə bilərsiniz.

Mən iki tədris mərkəzindən də qəbul almışam. Hər iksində də təhsil ala bilərəm?

Xeyr, siz yalnız bir tədris mərkəzində təhsil ala bilərsiniz. Hər ikisindən qəbul almısınızsa birindən imtina etməlisiniz.

Növbəti mərhələyə keçib-keçmədiyim barədə məlumat veriləcəkmi?

Bəli, müraciətinizin statusu ilə bağlı müraciət etdiyiniz tədris mərkəzi sizi mütəmadi olaraq məlumatlandıracaq.

Mən “Technest” tələbəsiyəm, təhsilimi ləğv edib yeni dalğaya müraciət edə bilərəm?

Xeyr, siz təhsilinizi ləğv etdikdə növbəti 1 il müddətində yenidən təqaüdə müraciət haqqını itirirsiniz.

“Technest” təqaüd proqramında onlayn təhsil ala bilərəm?

Bəli, oflayn tədris ilə yanaşı, onlayn tədris təklif edən bir neçə tədris mərkəzi ilə əməkdaşlıq edirik. Müraciət zamanı siz seçiminizi bu istiqamətdə edə bilərsiniz.

Mənim təhsilim İKT sahəsində deyil, amma bu sahəyə marağım var, müraciət edə bilərəm?

Bəli, öncəki təhsiliniz İKT sahəsi üzrə olmasa belə, siz yenə də “Technest” təqaüd proqramına müraciət edə bilərsiniz.