"TECHNEST" TƏQAÜD PROQRAMI

Haqqımızda

“Technest” təqaüd proqramı informasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramıdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Belə ki, 2021-2022 tədris ilində 600-dən çox şəxsə, 2022-2023 tədris ilində isə 3000-dən çox şəxsə təqaüd ayrılmışdır. “Technest” təqaüd proqramı mütəxəssislərin hazırlanması məqsədilə İKT sahəsində ölkənin öndə gedən tədris mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ən tələbatlı İT kurslarına müsabiqə yolu ilə tələbə qəbulunu təşkil edir. Müsabiqə bir neçə mərhələdə həyata keçirilir: onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və ən sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələlərdən uğurla keçmiş 13-65 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları təqaüddən yararlana bilər.

3000+ Təqaüd verilib
30+ Tərəfdaş

Technest icması

“Technest” klubun yaranma məqsədi təqaüdçülərdən ibarət cəmiyyətin formalaşdırılmasıdır. Yalnız təqaüd qazanmış və tədrisə başlayan namizədlər kluba üzv olaraq qəbul edilirlər. Klub fəaliyyəti təqaüdçüləri öz aralarında təcrübə və ideya mübadiləsi aparmağa stimullaşdırır. Müxtəlif təlimlər, seminarlar, şirkətlərin səlahiyyətli nümayəndələri ilə görüşlər təşkil edərək klub, təqaüdçülərin hərtərəfli inkişafına töhfə verir. Klub fəaliyyəti çərçivəsində həm də təqaüdçülərin asudə vaxtlarını səmərəli dəyərləndirmək məqsədilə vaxtaşırı piknik, ekskursiyalar, səfərlər və s. aktivlikləri də təşkil edir. Qarşıda duran ən vacib məqsədlərdən biri də odur ki, gələcəkdə klubun iştirakçıları arasından startup komandalar formalaşsın, gənclər birlikdə biznes ideyalarını reallaşdırsınlar.

Ən son xəbərlərimiz və təqaüd proqramları haqqında məlumat almaq üçün qoşulun.

Təhsil tərəfdaşlarımız

Proqramın təhsil tərəfdaşı olmaq üçün müraciət edin.

İKT sahəsində fəaliyyət göstərən tədris mərkəzləri “Technest” təqaüd proqramına tərəfdaş qismində müraciət edə bilərlər. Seçim mərhələsində iştirak üçün onlayn şəkildə müraciət etmək mütləqdir.

Tez-tez verilən suallar

Technest nədir?

“Technest” milli təqaüd proqramıdır, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilir. “Technest” Təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Proqram çərçivəsində indiyədək 3000+ vətəndaşa informasiya kommunikasiya texnologiyaları üzrə 50+ istiqamət üzrə təlim verilmişdir. Hazırda “Technest” təqaüd layihəsi 30-dan çox təlim mərkəzi ilə əməkdaşlıq edir.

Proqram ödənişlidir?

”Technest” Təqaüd proqramıdır. Seçim mərhələlərini uğurla keçdikdən sonra nəticənizə əsasən proqram tərəfindən 70%-90%-100% - dək təqaüd qarşılanır. Ödənişin yerdə qalan hissəsi isə təqaüdçü tərəfindən ödənilir. Regionlarda 100% təqaüd qarşılanır.

Seçim prosesi necə təşkil olunur və seçimi kimlər edir?

Siz müraciət etdikdən sonra müraciətinizə təhsil tərəfdaşlarımız tərəfindən baxılır. Daha sonra seçdiyiniz ixtisasa uyğun sizinlə texniki biliklərin yoxlanılması məqsədilə imtahan və yumşaq bacarıqların yoxlanılması üçün müsahibə keçirilir. Qəbul olan tələbələrə təhsil tərəfdaşlarımız tərəfindən məlumat göndərilir.

Tədris hansı ixtisaslar üzrə keçirilir?

İxtisaslar əmək bazarının ehtiyaclarına uyğun olaraq müəyyən edilir. 2023-cü il üçün prioritet istiqamətlərimiz aşağıdakılardır: "DevOps" mühəndisliyi ; "Frontend" proqramlaşdırma - "Backend" proqramlaşdırma ; UX&UI dizaynı ; 3D dizayn ; Mobil proqramlaşdırma ; Qrafik və veb dizayn ; Şəbəkə inzibatçılığı ; Kibertəhlükəsizlik ; Məhsul sahibliyi və s.

Aktiv proqramlar olmadıqda, nə etməliyəm?

Qeydiyyat il ərzində dalğa adı altında keçirilir. Sizə uyğun ixtisas üzrə qeydiyyat aktiv olduqda müraciət edərək qeydiyyatdan keçə bilərsiniz.

Tədris kimlər tərəfindən keçirilir?

Tərəfdaşımız olan təhsil müəssisələrinin peşəkar müəllimləri tərəfindən tədris olunur.

Təhsil müddəti nə qədərdir?

Təhsil müddəti seçdiyiniz istiqamətə və tədrisin növünə uyğun olaraq dəyişir.

Əgər seçilməsəm, ikinci dəfə müraciət edə bilərəm?

Bəli, müraciət edə bilərsiniz.

Bir tədris kursunda neçə nəfər tələbə olur?

Tələbə sayı müraciət etdiyiniz istiqamətə və tədris mərkəzinə uyğun olaraq dəyişir.

Bölgələrdən müraciət etməyimiz mümkündür?

Bəli, Azərbaycanın istənilən bölgəsindən müraciət edə bilərsiniz. Əlavə olaraq regionlarda keçirilən proqramlara da qoşula bilərsiniz.

Tərəfdaş olmaq üçün necə müraciət edə bilərik?

Tərəfdaş namizəd olaraq qeydiyyatdan, eləcə də seçim mərhələsindən keçərək “Technest” tərəfdaş sırasına qoşula bilərsiniz. Qeydiyyatdan keçmək üçün technest.idda.az saytında “Tərəfdaş ol” hissəsinə keçid edərək qeydiyyatdan keçə bilərsiniz.

“Technest”ə kimlər müraciət edə bilər?

– 13-65 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları “Technest”ə müraciət edə bilər.

Qeydiyyat müddətində eyni vaxtda neçə proqram üçün müraciət edə bilərəm?

– Müraciət edən şəxs eyni anda 2 proqram üzrə müraciət edə bilər.